"ASAN Akademiya" 2017

Şəxsi inkişaf

"ASAN Akademiya” layihəsi “ASAN Könüllüləri” Gənclər Təşkilatı tərəfindən 2014-cü ildən etibarən artıq 4-cü dəfədir ki, həyata keçiriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gilan Holding-in tərəfdaşlığı, "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən, ilin ən səmərəli və öyrədici layihəsi olan "ASAN Akademiya 2017"nin əsas məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir yerə toplayaraq onları təcrübi biliklərə yiyələndirmək, karyeralarında irəliləmələri üçün təkan vermək, gənclərin intellektual potensialını düzgün dəyərlərlə təkmilləşdirməkdir. Bu məqsədlə layihə zamanı iştirakçılara müxtəlif sahələr üzrə həmin sahənin peşəkarları tərəfindən xüsusi hazırlanmış proqram tədris ediləcəkdir. 

Layihəyə seçilən iştirakçılar birinci və ikinci növbə (səhər və axşam) olmaqla iki qrupa bölünəcək və proqram hər iki qrupa ayrı-ayrılıqda tədris ediləcəkdir. Tədris prosesindən əlavə iştirakçıların praktiki biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə müxtəlif, xüsusi seçilmiş məkanlara ekskursiyalar da təşkil olunacaq.

2 dekabr 2017-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “ASAN Akademiya 2017” layihəsinin bağlanış mərasimi keçirilib.  Layihəyə ümumilikdə 1001 müraciət olub, cəmi 50 nəfər iştirakçı adını qazanıbdır.
Ümumilikdə təlimlər Natiqlik, Psixologiya, Biznes mühitində idarəetmə, İnnovasiya, Maliyyə kimi 5 proqram modulundan ibarətdir. Hər proqram modulunda 3 təlimçi olmaqla iştirakçılara 30-dan çox fərqli təlimlər tədris olunub. Əlavə olaraq iştirakçılar proqramlara uyğun 10-dək ekskursiyada iştirak ediblər.
Tədbirin sonunda Akademiyanı uğurla bitirən iştirakçılar diplomla təltif edilmişlər.
Qeyd edək ki, “ASAN Akademiya” layihəsi “ASAN Könüllüləri” Təşkilatı tərəfindən 2014-cü ildən etibarən artıq 4-cü dəfədir ki, həyata keçirilir. Bu günə qədər həyata keçirilmiş 3 “ASAN Akademiya” layihəsinə ümumilikdə 1500-dən çox gənc müraciət edib və onlardan yalnız 150 nəfəri bu layihənin iştirakçısına çevrilib. Statistikaya nəzər salsaq görərik ki, “ASAN Akademiya” məzunlarının təxminən 90%-i bir çox yerli və beynəlxalq şirkətlərdə, dövlət və özəl müəssisələrdə əməkdaş qismində fəaliyyət göstərir və yaxud təhsillərini daha yüksək pillələrdə davam etdirirlər.


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36