İNNOVATİV İDARƏETMƏ

Şəxsi inkişaf

(Dekabr 2014 - ∞)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN School” könüllülük proqramı çərçivəsində könüllülərin şəxsi inkişafı, onların maariflənməsi, intellektual və mənəvi inkişafı, həmçinin könüllülərimizin ictimai həyata daha da yaxınlaşması məqsədi ilə keçirdiyi təlim, tədbir və layihələrin sırasına daha birini əlavə edir!

Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə “İnnovativ idarəetmə məktəbi” adlı proqram həyata keçirir. “İnnovativ idarəetmə məktəbi” çərçivəsində könüllülərimiz hər həftə təşkil olunan görüşlərdə bir sıra görkəmli və məşhur ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə bilavasitə görüşmək imkanı əldə edərək, onları maraqlandıran sualları verməklə bu insanların zəngin təcrübələrindən yararlanmaq şansı qazanırlar.

İİM çərçivəsində artıq 6 görüş keçirilmiş, hər bir görüşdə təxminən 200 - ə yaxın ASAN könüllüsü iştirak imkanı əldə etmişdir. Açılışı 27 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri cənab İnam Kərimov, Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini cənab İdris İsayev, Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnsan resursları idarəsinin rəisi cənab Faiq Şahbazov iştirakı ilə baş tutmuşdur. Daha sonrakı görüşlərdə 1.Milli Məclisinin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hüquq elmləri namizədi cənab Əli Hüseynli; 2. Azərbaycan Metanol Şirkəti (AZMECO) İdarə Heyətinin Sədri, məşhur biznesmen Nizami Piriyev; 3.  BMT sistemində çalışan ən yüksək vəzifəli azərbaycanlı diplomat, BMT-nin İnkişaf Proqramının İraqın regional ofisinin rəhbəri Sultan Hacıyev; 4. Filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor Rafael Hüseynov; 5. Və əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümov kimi önəmli şəxsiyyətlər öz dəyərli vaxtlarını məhz ASAN könüllülərinə sərf edərək qiymətli tövsiyələri ilə könüllülərimizə töhfə vermişlər. 


Əlaqə

  • Ünvan: Azərbaycan Respublikası, Bakı, AZ 1078, Akademik Həsən Əliyev küçəsi, 36