Erməni döyüşlərin sirrini açdı: "Bilirdik, amma heç nə edə bilmədik"

"Azərbaycan artıq iki ildir ki, ordusunu çox böyük sürətlə, genişmiqyaslı şəkildə gücləndirir. Azərbaycanın Silahlı Qüvvələri ən son hərbi texnika, silah və sursatlarla təmin olunur. Eyni zamanda, azərbaycanlı hərbçilər sürəkli təlimlər keçirir, döyüş və taktiki hazırlıq səviyyələrini artırırlar".

Avstraliyadakı Holokost və Soyqırımın Tədqiqatları İnstitutunun (Australian Institute for Holocaust and Genocide Studies) əməkdaşı, erməni ekspert Masis İngilizyan "Bellingcat" saytında dərc etdirdiyi məqaləsində belə yazıb.

Erməni ekspert Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-dən 2-nə keçən gecə başlayan və aprelin 5-də davam edən "dördgünlük savaş"da Ermənistanın itkilərinin İrəvan tərəfindən rəsmən bəyan edilən statistikadan çox olduğunu dolayısıyla olsa da, etiraf edib.

"Ermənistan ordusu bu döyüşlərdə itkilər verdi və onlar az olmadı. İtkilərimizin dəqiq sayı barədə hələlik konkret fikir yürüdə bilmərəm, çünki bu barədə danışmaq və yazmaq üçün son məlumatlara malik olmaq gərəkdir. O məlumatlar isə məndə yoxdur", - M.İngilizyan yazıb.

Erməni ekspert daha sonra bildirir ki, Azərbaycanın silahlı qüvvələri təmas xəttində Ermənistan hərbçiləri və siyasətçilərinin "azərbaycanlılar cəmi 100 metr irəliləyiblər" iddialarına rəğmən, tam 1 kilometr məsafəyə irəliləyiblər: "Azərbaycanlılar son illərin bəlkə də ən uğurlu əməliyyatlarını reallaşdıra bildilər. Son 22 ildə münaqişə zonasında atışmalar, mövqelərin qarşılıqlı şəkildə atəşə tutulması və ələ keçirilib azad edilməsi az qala rutin prosesə çevrilsə də, bu dəfə Azərbaycan ordusu "hibrid taktika"dan, genişmiqyaslı hücumdan istifadə etdi. Ermənistan rəhbərliyi aqressiv bəyanatlar versə də, cəbhə xəttindən uzaqda Azərbaycan mövqelərini vurmaqdan çəkinir". 

Ermənistan prezidenti Serj Sarkisyan savaş günlərində "Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərik" desə də, bu, əsl blef idi, çünki o, əla anlayırdı ki, belə addımın atılması Dağlıq Qarabağ münaqişəsini dərhal böyük savaşa çevirəcəkdi.
Müəllif daha sonra bildirir ki, hərbi əməliyyatlar zamanı Ermənistanın Silahlı Qüvvələri irəliləmək istəməyib, daha doğrusu, bunu bacarmayıb və fəaliyyət zonasını təmas xəttindəki kəndlərlə məhdudlaşdırmaq məcburiyyətində qalıb. Məhz bu səbəbdən Azərbaycan ordusunun əks-hücumunun qarşısını almaq üçün ermənilər tank əleyhinə batalyonlardan istiifadə ediblər. Ağdərə rayonundakı döyüşlər zamanı Talış kəndinin şimalı və şimal-şərqindəki yüksəkliklərinin qorunması üçün ermənilər əllərindən gələni etməyə çalışsalar da, məqsədlərinə çatmayıblar.

Döyüşlərin ilk günündə Dağlıq Qarabağda ermənilər 8 mövqeni itirmişdilər.
"Azərbaycan eyni zamanda cənubda da əks-hücuma keçmişdi və Ermənistanın hərbi birləşmələri ilə yanaşı, Dağlıq Qarabağın hərbi dəstələri ağır vəziyyətə düşmüşdülər. Bakının strategiyasının əsasını mühüm yüksəkliklərin ələ keçirilməsi, erməni birləşmələrinin geri atılması təşkil edirdi. 

Dağlıq Qarabağda Azərbaycanın zərbələrinə cavab verməyə çalışırdıq. Qarabağlı ermənilərin hərbi-texniki imkanları və potensialları məhdud olduğundan cavablar adekvat alınmırdı. Dağlıq Qarabağdakı erməni hərbçilərin büdcələri məhduddur, texniki imkanları yüksək deyil və bu səbəbdən də onlar malik olduqları hava hücumundan müdafiə texnikası ilə Azərbaycanın hərbi helikopterləri ilə uçan pilotsuz döyüş aparatlarına (UPDA) qarşı effektiv mübarizə apara bilmədilər.

Belə hədəflərin vurulması üçün HMQ-dən tam istifadə olunması Dağlıq Qarabağdakı potensialın tam tükənməsi, sonrakı hücumda Azərbaycana cavab vermək üçün imkanların olmaması deməkdi. Məhz bu səbəbdən döyüşlərdə Azərbaycanın helikopteri qumbaraatandan vuruldu, sonra da hava hücumundan müdafiə üçün artilleriyadan istifadə olundu. Daha sonra isə Azərbaycan İsrail istehsalı olan "kamikadze" UPDA-lardan istifadə etdi ki, bu aparatlar da Dağlıq Qarabağdakı ermənilərin hava hücumundan müdafiə sistemi üçün çox mürəkkəb hədəflərdi", - M.İngilizyan yazıb.

Müəllif daha sonra etiraf edir ki, Dağlıq Qarabağdakı döyüşlərdə ermənilər çox çalışsalar da, şimalda Talış kəndinin ətrafındakı, cənubda isə Lələtəpə yüksəkliklərini qoruya bilmədilər.

"Ermənistanın hazırladığı hərbi plan çox mürəkkəb olsa da, erməni hərbçilər ciddi, ağır itkilərə məruz qaldılar. Hərb elminin qaydalarına görə, hücum edən tərəflə müqayisədə müdafiə olunan tərəf üç dəfə az itki verir. Lakin Ermənistanla Azərbaycanın itkilərini müqayisə etsək, bu nisbətin Bakının xeyrinə pozulduğunu görərik. Üstəlik, Azərbaycan tərəfi döyüşlərdə təcrübəli hərbçilərdən, o cümlədən xüsusi təyinatlı birləşmələrdən geniş istifadə etdi. Ermənistanın Müdafiə Nazirliyi itkilərin siyahısını sürəkli yeniləyirsə, Xankəndidəkilər bu barədə konkret açıqlama verməyiblər", - M.İngilizyan bildirib.

Erməni "ekspert" Ermənistanın itkilərindən bəhs edir. Ermənistanın Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, Dağlıq Qarabağdakı "dördgünlük müharibə"də İrəvan 92 hərbçisini itirib ki, onların 29 nəfəri zabitlərdir.

Dağlıq Qarabağdakı separatçılara gəldikdə isə, M.İngilizyan da etiraf edir ki, döyüşlərdə qarabağlı ermənilərin hərbi birləşmələri çox ağır itkilər veriblər: "Məndə olan məlumatlara görə, döyüşlərdə 50 qarabağlı erməni həlak olub, 100 nəfər yaralanıb, 18 nəfər itkin düşüb. Özü də bu rəqəmlər günbəgün artır və həlak olanlarla yaralıların siyahısının böyüməsi qaçılmazdır".

Beləliklə, "dördgünlük müharibə"də erməni tərəfinin itkilərini hesablayaq və bu zaman elə İrəvanla Xankəndinin "rəsmi açıqlama"larına istinad edək.
Yerevan 92 hərbçisinin həlak olduğunu, təxminən 100 nəfərin yaralandığını bildirir.

Xankəndidəki separatçı rejimə gəldikdə isə, bu günə olan vəziyyətə görə, 50 qarabağlı erməninin həlak olması və 100 nəfərin yaralanması bildirilirsə, deməli, adi riyazi hesablamalarla döyüşlərdə minimum 142 erməni hərbçinin həlak olduğunu, 200 nəfərin yaralandığını elə ermənilərin özləri deyirlər.

Həmin itkilərə ən azı 40 erməni hərbçinin itkin düşməsi ilə bağlı açıqlamaları da əlavə etsək, Ermənistanın itkilərlə bağlı bəyanatlarının aşkar fiksiya olduğunu elə onların öz statistikası aydın göstərir.
Digər önəmli məqam "dördgünlük müharibə"nin Dağlıq Qarabağdakı separatçı rejimin "döyüş potensialının yüksək, hərbi hazırlıq və təminat səviyyəsinin əla" olması barədə Yerevanla Xankəndinin aramsız bəyanatlarının uydurmalığını ortaya qoymasıdır. Döyüşlərdə itkilərin tam əksəriyyətinin Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçularından ibarət olması iki amili ortaya qoydu:

1. Ermənistanın dünya birliyinə ünvanlanmış "Dağlıq Qarabağda hərbi birləşmələrimiz yoxdur" bəyanatlarının yalan olduğu göründü, çünki həlak olan hərbçilərin əksəriyyəti Ermənistan vətəndaşlarıdır və Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarıdır. Onların heç biri (!) Dağlıq Qarabağda dəfn olunmadı.

2. Dağlıq Qarabağ münaqişəsi zonasında 22 ildən bəri davam edən atəşkəs rejimi zamanı qarabağlı erməni separatçıları və Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdəki hərbi birləşmələrinin şəstlə bəhs etdikləri "dərin eşelonlaşdırılmış müdafiə-fortifikasiya sistemləri"ni Azərbaycan ordusu əks-hücumunda cəmi bir günə konserv bankası kimi açdı. Bu da Ermənistan ordusu və qarabağlı ermənilərin hərbi birləşmələrinin döyüş hazırlığı səviyyəsi ilə yanaşı, hərbi-texniki imkanlarının bərbad vəziyyətdə olduğunu göstərdi.

Masis İngilizyanın "döyüşlərdəki vəziyyətin belə olacağını bilirdik, amma heç nə edə bilmədik" etirafı əslində "dördgünlük müharibə"nin məntiqi sonuclarından, Ermənistanın inadla boynuna almaq istəmədiyi məğlubiyyətinin etiraflarından biridir.