"ASAN Akademiya 2017"nin növbəti Məzun Günü baş tutub!

2 Dekabr 2017-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində  “ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və “Gilan Holding”in tərəfdaşlığı ilə reallaşdırılan "ASAN Akademiya 2017" layihəsinin Bağlanış mərasimi baş tutub. 

Tədbiri giriş sözü ilə açan “ASAN Könüllüləri" Təşkilatının sədri Bəxtiyar İslamov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, artıq 4-cü ildir ki, reallaşan layihə müddətində psixoloji hazırlıq, biznes mühitində idarəetmə, innovasiya, maliyyə və natiqlik mövzuları üzrə keçirilən təlim və praktiki məşğələlər gənclərin gələcək karyeralarının formalaşması və fərd olaraq yetişməsində böyük rol oynayacaq.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüsal Hüseynov gənclərin öz bilik və bacarıqlarının effektli reallaşdırılması və cəmiyyətdə layiqli yer tutması üçün bu cür layihələrin müstəsna rol oynadığını vurğulayıb.

 Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov layihənin əhəmiyyətindən danışaraq, ASAN könüllülərinin hər zaman gənclərin maarifləndirilməsi və onların dünyagörüşünün formalaşdırılması üçün müxtəlif layihələr həyata keçirdiyini vurğulayıb. O, bu istiqamətdə Gənclər Fondu və ASAN Könüllülərinin birgə əməkdaşlığından məmnun oluğunu bildirmişdir.

Tədbirdə çıxış edən “Gilan Holding”in İdarə Heyətinin üzvü Allahverdi Bağırov gənclərin özlərini iş və ictimai həyat standartlarına görə inkişaf etdirmələrində “ASAN Akademiya” layihəsinin rolunun danılmaz olduğunu bildirib. O da, həmçinin, təmsil etdiyi şirkət adından layihədə qatqıda bulunmalarına şad olduqlarını vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim Şöbəsinin müdir müavini Cahangir Hacıyev də öz növbəsində layihənin gənclərin həyatındakı dəyərlərindən və könüllülərin aktiv iştirakından bəhs edərək ASAN Könüllülərinin bu və bu kimi öyrədici layihələrdə aktivliyini xüsusi təqdirəlayiq hal kimi qeyd edib.

“Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə çıxış edərək qeyd edib ki, Azərbaycan gənclərinin bu cür layihələrdə iştirakı onların şəxsi inkişafı və ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin edir.

Tədbirin sonunda layihədə iştirak etmiş gənclər diplomla təltif olunublar.

Qeyd edək ki, “ASAN Akademiya 2017” layihəsinə müraciət etmiş 1001 nəfərdən seçilmiş 50 gəncdən 41-i layihəni uğurla başa vuraraq məzun olublar.