Gəncədə 'BAŞLA' layihəsinə start verilib!

Gəncə şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Gəncə "ASAN Xidmət" mərkəzi və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə "BAŞLA" layihəsinin açılışı olub. Tədbir Gəncə şəhər "Gənclər Evində" keçirilib.

Gəncə "ASAN Xidmət" mərkəzinin direktor müavini Altay Ələsgərov çıxış edərək tədbiri açıq elan edib və gənclərin yaradıcı potensialının inkişaf edilməsi üçün “ASAN Könüllüləri” Təşkilatının yaratdığı şərait və imkanlardan danışıb. Daha sonra Altay Əsgərov çıxış üçün sözü layihə rəhbəri “BAŞLA”nın Gəncə üzrə koordinatoru Sultan İsgəndərova verib. Sultan İsgəndərov layihənin mahiyyəti haqqında könüllülərə məlumat verib. Bildirilib ki, layihənin əsas məqsədi gənclərin öz bizneslərini qurmaqla iqtisadiyyata töhfə verməsinə kömək etmək, həmçinin bazarı ancaq idxal hesabına formalaşan məhsulların yerli istehsalına nail olmaqdır. Bu layihə eyni zamanda özəl sektorun inkişaf etdirilməsi və innovativ məhsulların istehsalının təşviq edilməsi məqsədilə investorlarla ideya müəlliflərini vahid mühitdə toplanılmasına xidmət edir.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin Baş məsləhətçisi Kənan Məmmədov iştirakçıları şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin adından salamlayaraq gənc startapçılara və "BAŞLA" layihəsinə uğurlar arzu edib. Kənan Məmmədov dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb həmçinin Gəncə şəhərində gənclər üçün yaradılan şərait haqqında iştirakçılara məlumat verib. Həmçinin Kənan Məmmədov bildirib ki, gənclərin təkcə biznes sahəsində deyil bütün sahələrdə xidmət göstərilməsinin şəffaf mahiyyəti ölkə prezidentinin apardığı məqsədyönlü siyasətin nəticəsidir.

Gənclər Evinin direktoru Amil Qurbanov çıxış edərək gənc startapçıları salamlayıb və onlara uğurlar diləyib. Amil Qurbanov Gənclər Evinin qapılarının hər zaman olduğu kimi gənclərin üzünə açıq olduğunu bildirib və daim onların yeni layihələrini həyata keçirməkdə yardımçı olacaqlarınıda qeyd edib.

Gəncədə "BAŞLA Talk"un ilk qonağı Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisi, Elvin Dadaşsoy olub. Elvin Dadaşsoy biznes qurmaq xəyalı olan azərbaycanlı gənclərə uğurlu biznes qurmaqlarında yardım etmək üçün "Dadashsoy Business School" platformasını yaradıb. Elvin Dadaşsoy çıxışı zamanı ən böyük arzusunun özünün quracağı şirkətlərdə 100 000 azərbaycanlını işlə təmin etmək olduğunu qeyd edib. Təlimçi 120 könüllünün iştirak etdiyi "Biznesinə BAŞLA" seminarında həyat təcrübəsindən bəhs edərək ideyaların reallaşdırılması ilə bağlı vacib fikirlərini bölüşüb.

Sonda təlimçi gənc startapçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, "BAŞLA" layihəsi çərçivəsində hər həftənin bir günü "ASAN Xidmət" mərkəzində könüllülər üçün biznes-təlimlər nəzərdə tutulub.