mycv.az portalının təqdimat mərasimi keçirilib

AKGT , ASANYOUTH , MYCV

Bu gün "ASAN Könüllüləri" gənclər təşkilatının yeni layihəsi olan MyCv.az internet portalının təqdimat mərasimi keçirilib. 

Açılış mərasimində Təşkilatın sədri Fərid Sadıxlı layihə haqqında məlumat verib. 

MyCv.az - gənclərin məşğulluğunun artırılması sahəsində Azərbaycanda ilk və vahid elektron portaldır. Portal "ASAN Könüllüləri" gənclər təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.

MyCv.az portalının məqsədi gənclər, dövlət və özəl qurumlar arasında innovativ imkanlardan istifadə edərək texnoloji körpü qurmaq və vahid şəbəkə ilə gənclərin işə qəbul olunmasını təmin etməkdir.

Təqdimat mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclərin məşğulluğunun artırılması istiqamətində Gənclər Fondunun dəstəklədiyi layihələr mövzusunda, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və Təlim şöbəsinin müdiri Elvin Paşayev gənclərin məşğulluğunun artırılmasında dövlət siyasəti və "ASAN xidmət"in rolu mövzusunda çıxış edib.

Həmçinin MyCv layihəsinin rəhbəri Ləman Əhmədova, MyCv portalının yaranma zərurəti, komponentləri və gələcək inkişaf konsepsiyası haqqında məlumat verib.

MyCv saytı 3 hissədən ibarətdir: Video tövsiyələr, Test imtahanı, CV bölməsi.

Test imtahanı bölməsi - Dövlət qurumları gəncləri öz bilik və bacarıqları ilə test imtahanlarına cəlb edərək uğurlu nəticə əldə etmiş şəxsləri dövlət qulluğu vəzifələrində çalışmağa dəvət etmişdir.Lakin namizədlər testlərin tipləri ilə tanış olmadıqları üçün əksər hallarda müsabiqənin birinci turundan müvəffəqiyətsizliyə düçar olmuşlar. Bütün bu arzuolunmaz halların aradan qaldırılması üçün “www.mycv.az” komandası Azərbaycan ən nüfuzlu müstəqil ekspertləri tərəfindən hazırlanan alternativ test nümunələri öz peşəkarlığı və sadəliyi ilə gənclərimizə təqdim edir. Gənclərimiz Dövlət Qulluğu, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi və Prokurorluq orqanlarının imtahan proqramı üzrə xüsusilə hazırlanmış test tapşırıqlarını həll edərək özünü sınaya bilər və bu sahədə olan bilik və bacarıqlarını artıra bilərlər. 

Video tövsiyələr - Müsahibə iş axtarma prosesinin əsas elementlərindən biridir. Digər bacarıqlar kimi müsahibədən uğurla keçmək bacarığı üçün müəyyən hazırlıq və təcrübə tələb olunur. Bu bölmədə isə gənclərimiz imtahanın müsahibə bölməsi ilə bağlı kifayət qədər faydalı tövsiyyələr və məlumatlar ala biləcəklər. Hal-hazırda ASAN Xidmət mərkəzlərində və Dövlət Qulluğunda çalışmaq istəyən gənclər üçün qeyd etdiyimiz video tövsiyyələr hazırlanıb və portalımızda yerləşdirilmişdir. Yaxın zamanlarda isə Prokurorluq və Ədliyyə Nazirliyinin əməkdaşları ilə bu tip video tövsiyyələr də hazırlanacaq.

CV bölməsində gənclərimiz heç bir əziyyət çəkmədən, axtarış etmədən hazır və ən uğurlu CV formasını dolduraraq öz CV-lərini yarada bilərlər. Daha sonra dövlət və özəl qurumlar tərəfindən elan edilmiş vakant vəzifələrə öz CV-nizi asanlıqla göndərə bilərlər. MyCv portalının digər bənzər portallardan üstünlüyü sadə interfeysi və asan idarə olan sistemidir. Portalda həmçinin iş bildirişi bölməsi də fəaliyyət göstərməkdədir. Beləki, siz öncədən öz istək və kriteriyalarınıza uyğun işi müəyyən edirisiniz. Və istədiyiniz peşə üzrə vakant yer olduğu zaman, sizin emailinizə bu barədə bildiriş gəlir. Növbəti aylarda isə bu SMS xidməti vasitəsi ilə pulsuz həyata keçiriləcək.