"Dövlət qulluğuna qəbul və dövlət qulluqçusunun karyera inkişafı" mövzusunda tədbir keçirildi

AKGT , ASANYOUTH

29 aprel 2014-cü il tarixində "ASAN Könüllüləri" gənclər təşkilatı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələrinin iştirakı ilə “Dövlət Qulluğuna qəbul və Dövlət qulluqçusunun karyera inkişafı” mövzusunda məlumatlandırıcı tədbir keçirilib.

Tədbirdə cari və məzun könüllülərlə yanaşı Dövlət İdarəçilik Akademiyasının bu il məzun olacaq bakalavr və magistrları da iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Urxan Ələkbərov dövlətlərin inkişaf etməsində dövlət qulluğunun xüsusi rol oynadığını bildirmişdir.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev qurum haqqında tədbir iştirakçılarına məlumat vermiş və bildirmişdir ki, “ASAN xidmət” mərkəzlərinin əsas məqsədi vətəndaşlara göstərilən xidmətlərin şəffaflığını təmin etməkdir. Həmçinin, qeyd etmişdir ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkil etdiyi müsabiqə və müsahibə mərhələsindən 80 nəfər “ASAN xidmət”ə uğurla təyin edilmişdir.

Tədbirdə Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn “Dövlət qulluğuna qəbul və dövlət qulluqçusunun karyera inkişafı” mövzusunda təqdimatla çıxış etmişdir. Komissiyanın fəaliyyəti, dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə və müsahibələr və əldə edilən nailiyyətlər barədə məlumat verən Afaq Hüseyn Komissiya tərəfindən 1 və 23 aprel 2014-cü il tarixlərdə dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqənin elan edildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.