“Gəncə’14” forumu müvəffəqiyyət ilə başa çatdı

AKGT , ASANYOUTH , EYP , EYPAZERBAIJAN , EYPAZ , GANJA'14

“ASAN Könüllüləri” gənclər təşkilatı “Avropa Gənclər Parlamenti Azərbaycan” nümayəndəliyi ilə birgə 20-24 avqust tarixlərində həyata keçirilən “Gəncə’14” forumu müvəffəqiyyət ilə başa çatdı.


“Arzuladığımız Dünyanı İnnovativ Gələcəklə Quraq” (“Create Innovative Future – Reshape the World”) şüarı altında keçirilən forum 14 ölkədən olan 70 gənci Gəncə şəhərinə toplayıb. 20 avqust tarixində Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev və Andorra Respublikasının ilk baş naziri cənab Oskar Ribas Reiq ilə dəyirmi masa keçirdilər. Görüş zamanı xarici qonaqlara Gəncə şəhəri haqqında ətraflı məlumat verildi.


21 avqust tarixində “Ramada Hotel”in konfrans zalında “Gəncə’14” forumunun rəsmi açılış mərasimi baş tutdu. Açılış mərasimində Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin sədri xanım Milana İbrahimova, Təşkilat Komitəsinin həmsədri Tayfun Qüdrətli və üzvü Məhəmməd İbrahimov, Avropa Gənclər Parlamentinin Regional İnkişaf Şurasının üzvü, Prinston Universitetinin fəxri doktoru – Dr. Alan Flovers və forumun Prezidenti Koka Kapanadze çıxış edərək foruma müvəffəqiyyətlər və gənclərə uğurlar arzu etdilər. Daha sonra forum iştirakçılarına “Gəncə Avropa Gənclər Paytaxtı 2016” ictimai birliyi təqdimat keçirdi. Mərasimin sonunda isə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev ilə forum iştirakçıları arasında görüş baş tutub. Forum iştirakçıları Gəncə ilə bağlı öz təəssüratlarını şəhər başçısı ilə bölüşmüş və göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.


22 avqust tarixində forum iştirakçıları 6 komitəyə bölünərək bütün Avropa məkanında gündəmdə olan problemləri araşdıraraq qətnamələr hazırlayıblar. Gün ərzində davam edən komitə işləri başa çatdıqdan sonra Heydər Əliyev park kompleksində yerləşən “Amfiteatr”da iştirakçılara musiqi mədəniyyətimizi təqdim etmək məqsədi ilə milli ruhda konsert təşkil edilib.


23 avqust tarixində Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin konfrans zalında layihə çərçivəsində Baş Assambleya keçirilib. Baş Assambleyanın açılış mərasimindən öncə fəxri qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Baş Assambleya Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı, cənab Elmar Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri cənab İnam Kərimov və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, cənab Fərhad Hacıyevin nitqləri ilə açıq elan edilib.


“ASAN Könüllüləri” gənclər təşkilatının sədri və Təşkilat Komitəsinin həmsədri Fərid Sadıxlı layihənin keçirilməsində xüsusi dəstəyə görə forumun Təşkilat Komitəsi və iştirakçıları adından təşəkkürünü bildirib. Baş Assambleyanın yekununda təqdim edilmiş 6 qətnamənin hər biri qəbul edilib. Qəbul olunmuş qətnamələr arasında ən çox səs toplayan isə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində Azərbaycanda 2013-cü ildən fəaliyyət göstərən və vətəndaşlara xidmət sahəsində innovativ dövlət qurumu olan “ASAN Xidmət” modelini təbliğ edən qətnamədir.