"1 Gənc - 1 Hekayə - 1 Uğur" layihəsi çərçivəsində ilk görüş keçirilmişdir

AKGT , ASANYOUTH , 1GƏNC1HEKAYƏ1UĞUR

“ASAN Könüllüləri“ gənclər təşkilatı ictimai birliyinin və “ADA Student Government”inin təşkilatçılığı ilə “ 1 Gənc, 1 Hekayə, 1 Uğur” layihəsi 21 sentyabr 2014-cü il tarixində ADA Universitetində uğurla həyata keçirilmişdir. 

Layihənin əsas məqsədi fərdi inkişafın gənclərin həyatındakı önəminə diqqət çəkmək, bu məqsədlə 20-30 yaş arası, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan və bir çox nailiyyətlər əldə etmiş azərbaycanlı gəncləri öz bilik və təcrübələrini gənclərlə bölüşmələrini təmin etməkdir. Silsilə şəkilli təlimlərdən ibarət olacaq bu layihədə gənclər uğura necə addımlamağı o yolda irəliləyən insanların özündən dinləyəcəklər. 

Layihədə iştirak edən ilk təqdimatçı peşəkar azərbaycanlı avtomobil dizayneri, Lamborghini şirkətində dizayner kimi çalışmış, İtaliyanın Avropa Dizayn İnstitutunda bakalavr, daha sonra Pforzheim Universitetində nəqliyyat dizaynerliyi üzrə magisr təhsili alan, “Ferrari World Design Contest 2011” yarışmasında “Ferrari Xezri” konsepti ilə çıxış edərək 900 layihə içindən 2-ci yerə layiq görülən, “Volkswagen Group” şirkətinin dizaynerlərindən biri olan Samir Sadıxov oldu.

Layihənin açılış mərasiminində “ASAN Könüllüləri“ gənclər təşkilatının sədri Fərid Sadıxlı, “ADA Student Government”inin vitse-prezidenti Turqut Əlizadə və “ 1 Gənc, 1 Hekayə, 1 Uğur” layihəsinin ideya müəllifi Bəxtiyar İslamov layihə haqqında məlumat verərək layihənin gənclərin inkişafı üçün vacibliliyindən söz açmışdırlar. Sonra söz təqdimatçı Samir Sadıxova verilmişdir. Samir Sadıxov həyatında qazandığı uğurlardan, uğur qazanmağın sirrlərindən danışmış və hazırladığı layihələr və avtomobil dizaynları haqqında geniş məlumat vermişdir. Tədbirin sonunda isə qeydiyyat zamanı nəzərə alınmış “Uğur sözünün mənasını öz fikrinizlə bir cümlədə təsvir edin” hissəsinə ən dolğun cavab verən iştirakçıya təşkilat tərəfindən hədiyyə ilə mükafatlandırılmışdır.