Bəxtiyar Vahabzadə 90

Bu gün Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyidir. 
 
Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub.
1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1951-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
Bədii yaradıcılığa İkinci Dünya müharibəsi illərində başlayıb, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. 1940-cı ildən indiki Bakı Dövlət Universitetində çalışıb və 1990-cı ildə təqaüdə çıxıb. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin müəllifidir.
B. Vahabzadə 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ dövlət mükafatlarına layiq görülüb. 1985-ci ildə Azərbaycan xalq şairi fəxri adını alıb. 1995-ci ildə «İstiqlal» ordeni ilə təltif edilib.
Dörd dəfə Azərbaycan Ali Sovetinə (1980-1995), bir dəfə Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib (1995-2000).
Bəxtiyar Vahabzadə 2009-cu il fevral ayının 13-də 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.